AZAL sərnişindaşımaları 7% artırıb

Tarix: 03.04.2025 11:40

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarını elan edib.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk üç ayında aviaşirkət 89% uçuşların vaxtında yerinə yetirilməsi göstəricisi ilə 48 istiqamət üzrə 3 718 reys yerinə yetirib.

2024-cü ilin birinci rübü ilə müqayisədə punktuallıq göstəricisi üzrə 1%, reyslərin sayı üzrə isə 4% artım müşahidə olunub.

Qeyd edək ki, 2025-ci ilin mart ayında punktuallıq göstəricisi 93%-ə çatıb.

Sözügedən dövr ərzində 865 000 sərnişin daşınıb. Ötən ilin birinci rübündə bu göstərici 811 000 nəfər olub ki, bu da sərnişin sayında 7% artım deməkdir.

Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 2025-ci il 12 yanvar tarixində qeydə alınıb. Ötən ilin yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 200 nəfər olub.

Xəbər Lenti