Çərşənbə axşamı, 8 İyul, 2025
Tarix: 08.07.2025 11:55
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycan Prezidentinin Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirdi.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili bildirib.
Deputat deyib ki, Azərbaycanın artıq üçüncü dəfədir ki, İƏT sammitini təşkil edirdi, lakin bu dəfə bu tədbir xüsusi əhəmiyyət kəsb edirdi: ‘Xankəndi ilə bağlı bu seçim çoxqatlı simvolik anlam daşıyırdı. Bu, ölkəmizin suverlenliyinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan Prezidentinin Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirirdi. Tədbir həm də müharibədən sonrakı sülh prossesində Azərbaycan diplomatiyasının nüfuzunun gücləndirilməsinə böyük töhfə oldu. Azərbaycan Prezidentinin təşəbbüsləri nəticəsində ilk dəfə olaraq İƏT-də mühüm yeniliklər tətbiq olundu. Ağdamda gənclər forumu, Laçında Qadınlar forumu, Şuşada sahibkarlar forumu - yəni həftəlik tədbirlərin keçirilməsi mühüm hadisə oldu. Eyni zamanda, ilk dəfə olaraq İƏT sonrakı 10 illik fəaliyyət planında yalnız hökumətlərin deyil, həm də gənclər, qadınlar və sahibkarların təşəbbüsləri nəzərə alındı. Azərbaycanda yaradılan təşkilatın Elmi tədqiqat və Təmiz enerji mərkəzləri bütün üzv ölkələrə məsələlərə elmi yanaşma və yaşıl gündəlik prizmasından baxmaq imkanı verəcək. Ümumiyyətlə, yaşıl enerjiyə keçmək kimi çətin bir prossesdə hər kəsdən öndə olan Azərbaycanın öz təcrübəsini üzv ölkələrlə bölüşmək istəyi yüksək nəticələr verməkdədir. Şimalda və Cənubda müharibələrin alovlandığı bir vaxtda Azərbaycandan keçən Orta Dəhlizin, Zəngəzur dəhlizinin, Qərbi azərbaycanlıların öz yurdlarına dönməsi məsələlərinin gündəmə gəldiyi bir platformanın Xankəndindən ucalan səsi bütün dünyaya açıq mesaj oldu. Nəhayət, Xankəndi həm də indiki həssas məqamda güclü və doğma qardaşlığın möhkənlənməsi şəhəri oldu. Ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsinə, region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə Xankəndi Zirvə görüşünün mühüm töhfəsi olacaq”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Qarabağ qədim Qafqaz Albaniyası, daha sonra xanlıq, əyalət, Şuşa qəzası, muxtar vilayət və son 30 illik ikinci erməni dövləti avantürasına qurban verildiyi bütün mövcudluğu tarixində heç vaxt indiki qədər sülh, quruculuq və beynəlxalq siyasət paytaxtına çevrilməyib: “Xankəndi Zəfəri təkcə ərazi və siyasi bütövlük hadisəsi deyil, həm də ermənilərin ərazini könüllü tərk etməsi ilə, İrəvanda hakimiyyət dəyişikliyi planlarına qoşulmaları səbəbindən Azərbaycanın çoxsərlik tarixində ilk dəfə erməni məsələsi milli dövlət ərazimizdən kənara çıxarıldı. Xankəndi Zirvə görüşü Qələbəmizin legitmliyinin, İran daxil, 10 dövlət tərəfindən tanınmasıdır”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev hesab edir ki, Xankəndi Zirvə görüşü Cənubi Qafqazın geosiyasi reallıqlarında dönüş nöqtəsi kimi qiymətləndirilə bilər: “Bu hadisə yalnız diplomatik deyil, həm də ideoloji və təhlükəsizlik baxımından Azərbaycanın yeni bir "Zəfər mərhələsi"nə keçdiyini simvolizə edir. Bu Zirvə görüşü Azərbaycanın bütün ərazisində – o cümlədən Xankəndidə – suverenliyinin tam bərpa olunmasının parlaq nümunəsidir. Xankəndidə baş tutan bu tədbir dünya ictimaiyyətinə açıq və birmənalı mesaj verdi – Qarabağ Azərbaycandır! Eyni zamanda bu görüş Azərbaycanın təhlükəsizlik və idarəetmə baxımından bölgədə tam nəzarətə malik olduğunu göstərdi. Bütün inzibati və təhlükəsizlik strukturları Bakıdan koordinasiya olunur. Bu tədbir Azərbaycanın sülh və əməkdaşlıq çağırışlarına verilən beynəlxalq cavabıdır. İƏT üzv dövlətlərinin nümayəndələri, o cümlədən, prezidentlər, baş nazirlər və digər yüksək səviyyəli rəsmilər bu görüşdə iştirak etməklə, Azərbaycanın mövqeyini dəstəklədiklərini nümayiş etdirdilər. Bu, sabitliyin təmin olunmasına verilən siyasi dəstək, Azərbaycanın bölgədə lider mövqeyinin tanınmasıdır. Belə tədbirlər sübut edir ki, Azərbaycan bu bölgədə təkcə hərbi və inzibati deyil, həm də ideoloji və hüquqi qələbə qazanıb”.