Çərşənbə axşamı, 8 İyul, 2025
Tarix: 08.07.2025 11:58
Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransının açılış mərasimi olub.
APA xəbər verir ki, konfransın açılış mərasimindən öncə iştirakçılar tədbir çərçivəsində təşkil edilmiş “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi ilə tanış olublar.
Sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərinin, Azərbaycan mətbuatı tarixində müstəsna yeri olan nəşrlərin, eyni zamanda, medianın inkişafında xüsusi önəm daşıyan hadisələrin əks olunduğu fotolar nümayiş etdirilib.
Konfransın açılış mərasimində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı media nümayəndələrinin xatirələrinin əks olunduğu videoyazı nümayiş etdirilib.
Açılış mərsimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir:
“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında göstərildiyi kimi Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir”.
Konfrans panel sessiyalarla davam edir.