Tovuzda məktəbdə 5 şagird tüstüdən zəhərlənib - FOTO - YENİLƏNİB-2

Tarix: 11.04.2025 11:57

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 11-də saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir", məlumatda deyilir.

Günay Elşən

***

11.09

Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.

Bu barədə APA--nın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

"Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır", məlumatda deyilir.

***

10.53

Tovuzda orta məktəbdə şagirdlərin zəhərlənməsinin təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun əldə etdyi ilkin məlumata görə, məktəblilər sinif otağında sobadan ayrılan tüstüdən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Zəhərlənən şagirdlər 2011 və 2012-ci il təvəllüdlüdürlər.

***

10.22

Tovuzda məktəbdə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəbər Lenti